İDMAN NÖVLƏRİ
DAĞ XİZƏYİ
Dağ xizəyi sabit daban bağları olan xizəklərdə xizək yamaclarından (və ya qarla örtülmüş təpələrdən) aşağı sürüşməkdən ibarət idman növüdür.
İdmançıların geyim və avadanlıqları xizək yamaclarında yürüş etməyə imkan vermədiyindən bu idman növü xizəkçini təpənin başına qaldırmaq kimi kömək tələb edir. Dağ xizək idmanı üzrə yarışlar sürət (Super-G) və texniki yarışlara (giant slalom) bölünür. Bu idman növü 1936-cı ildən rəsmi olaraq Qış Olimpiya Oyunlarına daxil edilib (1940-cı il istisna olmaqla).
Qış Olimpiya Oyunlarında iştirak:
-Elbrus İsakov kişilər arasında "slalom" üzrə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində və 2002-ci ildə ABŞ-ın Solt Leyk Siti şəhərində;
-Sedrik Nots kişilər arasında "giant slalom" üzrə, Qaya Bassani Antivari isə qadınlar arasında "giant slalom" üzrə 2010-cu ildə Kanadanın Vankuver şəhərində;
-Patrik Braxner və Sedrik Nots kişilər arasında "slalom" üzrə 2014-cü ildə Rusiyanın Soçi şəhərində;
-Patrik Braxner kişilər arasında "slalom" üzrə yarışda 2018-ci ildə Koreyanın Pxençan şəhərində Azərbaycanı təmsil etmişdirlər.
FİQURLU KONKİSÜRMƏ
Fiqurlu konkisürmə fərdi, cüt və ya qrup şəklində buz üstündə fiqurlu sürüşmənin nümayiş etdirildiyi idman növüdür. Bu idman növü ilk dəfə 1908-ci ildə London Olimpiya Oyunları zamanı Olimpiya oyunlarına əlavə olunan ilk qış idman növüdür. Fiqurlu konkisürmə kişilər arasında tək, qadınlar arasında tək, o cümlədən cüt konkisürmə və buz rəqsi növlərinə bölünür. Bu 4 fərqli növ həmçinin ilk dəfə 2014-cü ildə keçirilən Qış Olimpiya Oyunlarına daxil edilmiş birgə komanda yarışında birləşdirilir.
Qış Olimpiya Oyunlarında iştirak:
-Yuliya Vorobyova qadınlar arasında təkdə, İqor Paşkeviç kişilər arasında təkdə, həmçinin İnqa Rodionova və Aleksandr Anişenkov cüt fiqurlu konkisürmədə 1998-ci il Yaponiyanın Naqano şəhərində;
-Serqey Rılov kişilər arasında təkdə, həmçinin Kristin Frayzer və İqor Lukanin cüt fiqurlu konkisürmədə 2002-ci ildə ABŞ-ın Solt Leyk Siti şəhərində;
-Kristin Frayzer və İqor Lukanin buz rəqsi idman növündə 2006-cı ildə İtaliyanın Turin şəhərində ölkəmizi təmsil etmişdirlər.
SNOUBORDİNQ
Snoubordinq idmançının ayağına bağlı olan xüsusi növ qar lövhəsi üzərində dayanaraq qarla örtülu enişdən sürüşməkdən ibarət rəqabətli və əyləncəli idman növüdür. Snoubordinq idman növü həm Qış Olimpiya, həm də Paralimpiya Oyunlarında yer alır.
Snoubordinq idman növü skeytbord, xizək, sörfinqdən idman növlərinin birləşməsindən yaranmışdır. O, 1960-cı ildə Amerika Birləşmiş Ştatlarında yaranmış, ilk dəfə 1998-ci ildə Qış Olimpiya Oyunlarında, 2014-cü ildə isə Qış Paralimpiya Oyunlarında yer almışdır.
XİZƏK ALPİNİZMİ
Xizək alpinizmi xizəklərlə və yaxud ayaqla dağa qalxmağı və bir neçə keçidləri ötdükdən sonra xizəklə aşağı sürüşməyi əhatə edən, insan gücü və dayanıqlığına əsaslanan qış idman növüdür.
Xizək alpinizmi sərt qışın olduğu dağlıq ərazilərdə müəyyən olunmuş marşrutu izləyən, vaxtı müəyyən olunmuş yarışdır.
Beynəlxalq yarışlarda iştirak:
- Nəsir Fərhadov, Elbrus Əzizov, Ellis Sadler və Rorri Mur 2019-cu ildə İsveçrədə keçirilən ISMF Dünya Çempionatında Azərbaycanı təmsil etmişdirlər.